QURANİ-KƏRİMİN TƏRCÜMƏSİ İLƏ HÖKM VERİLƏ BİLƏRMİ?

0

Uca Allahın insanlara göndərdiyi son ilahi kitab olan Qurani-Kərim ərəb dilindədir və bizlər kimi ərəb dilində danışmayan müsəlmanlar o ilahi kəlamı anlamaq üçün Quranın məal və tərcümələrinə, eləcə də təfsirinə müraciət edirik. Onu da qeyd etməliyik ki, heç bir tərcümə və ya məal Qurani-Kərimdəki məna dərinliyini ehtiva edə bilməz və onun qarşısında naqis qalar. Bəs sadəcə Qurani-Kərimin hər hansı bir tərcüməsini oxuyaraq bununla əməl etmək doğru olarmı?

Qurani-Kərim elmlərini, təfsir elmini və sünnəni dərindən öyrənmədən, Qurandakı müəyyən ifadələrin və sözlərin ümumi və xüsusi mənalarını qavramadan onu dəlil kimi qəbul etmək və ya yalnız Quranın məalına baxaraq hökm vermək doğru olmaz. Çünki təfsir elmini, sünnəni, nasix və mənsux ayələri, ayələr haqqında səhabələrin fikirlərini və tətbiqini bilmədən sadəcə Quran ayəsinə, yaxud tərcüməsinə baxaraq hər hansı bir məsələ barəsində hökm verərkən səhv etmə ehtimalımız böyükdür.

Bir ayeyi-kərimədə Uca Allah: “Sənə də Quranı nazil etdik ki, insanlara, onlara göndəriləni açıqlayasan və ola bilsin ki, onlar düşünüb dərk edərlər”,[1] – buyuraraq bizə Həzrət Peyğəmbərin hər hansı bir hökmlə bağlı izahının olub olmadığını araşdırmağımızı əmr edir.

Peyğəmbərimiz (s.ə.s) də yalnız Qurana baxaraq hökm verməyin təhlükəsinə diqqət çəkmək üçün bir hədisi-şərifində belə buyurmuşdur: “Bir gün bəzi insanlar ortaya çıxacaq və qarnı tox bir halda yastığına söykənərək: “Ancaq bu Quranı əsas alın. Yalnız onun halal etdiyini halal edin, haram etdiyini haram edin”, – deyəcəklər”.[2] Hədisdə diqqət çəkən xüsuslardan biri də “qarnı tox bir halda yastığına söykənərək” ifadəsidir ki, bununla həmin kimsələrin təkəbbürlənərək sünnəni dəyərsiz görən və qəbul etmək istəməyən kimsələr olduğuna işarə olunur.

Halbuki Həzrət Peyğəmbərin (s.ə.s) feili sünnəsi, qövli sünnəsi və təqriri sünnəsi Qurani-Kərimin bir növ təfsiri sayılır. Çünki digər bir ayədə də bununla bağlı olaraq Allah-Təala belə buyurur: “Aralarında hökm verməsi üçün Allaha və Rəsuluna çağırıldıqları zaman möminlərin sözü ancaq: “Eşitdik və itaət etdik!” – demələridir. Nicat tapanlar məhz onlardır![3] Ayədəki “Allaha və Rəsulu” ifadəsi ilə “Quran və Sünnə”nin nəzərdə tutulduğu barəsində təfsirçilərin əksəriyyəti həmfikirdir.

Son olaraq qeyd edək ki, elmi olmadan öz başına Qurani-Kərimi şərh edib ondan hökm çıxarmaq istəyənləri Həzrət Peyğəmbər (s.ə.s) belə xəbərdar etmişdir: “Quran haqqında elmi olmadan söz söyləyən cəhənnəmdəki yerini hazırlasın!”[4]

[1] Nəhl, 16/44.

[2] Əbu Davud, “Sünnə”, 6; Tirmizi, “Elm”, 10.

[3] Nur, 24/51.

[4] Tirmizi, “Təfsir”, 1.

f.f.d Əlləddin Sultanov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞUŞA BƏYANNAMƏSİNİN TAM MƏTNİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik...

Bağla