“RAMAZAN” İNFAQ AYIDIR!

0

Əvvəli rəhmət, ortası məğfirət, sonu isə cəhənnəmdən qurtuluş səbəbi olan mübarək Ramazan ayının gəlməsi ilə İslam aləmi sevinc və səadət mövsümünə qədəm qoymuşdur. Bu ay ilahi rəhmətin yağdığı, hər cür kirlərin yox olduğu, həm ruhən, həm də bədənən təmizləndiyimiz bir aydır.

Ramazan ayının xüsusiyyətlərindən biri də bu ayda imkanlı müsəlmanların əllərindən gəldiyi qədər ehtiyac sahiblərinə yardım əlini uzatmalarıdır ki, beləcə, onların malları da təmizlənmiş olar.

Bu haqda Uca Allah buyurur: “Allaha və Onun Peyğəmbərinə iman gətirin! Sizin ixtiyarınıza verdiklərindən infaq edin! Sizdən iman gətirib infaq edən kimsələr üçün böyük bir mükafat vardır”.[1] Həzrət Peyğəmbərimiz (s) də bir hədisində: “Ey Adəm oğlu! İnfaq et ki, sənə də infaq edilsin”,[2] – buyuraraq möhtaclara sədəqə verməyin əhəmiyyətinə işarə etmişdir.

“İnfaq”, bir möminin Allahın rizasını qazanmaq məqsədilə öz mal-mülkündən xərcləməsi, sədəqə və ya zəkat verməsidir. Digər bir hədisində də Həzrət Peyğəmbərimiz (s) infaqın mükafatı ilə bağlı belə buyurur: “Həqiqətən, sədəqə, Rəbbin qəzəbini söndürər və pis bir halda ölməyin qarşısını alar”.[3]

Hədis mənbələrində qeyd olunduğuna görə, Həzrət Peyğəmbər (s) Ramazan ayı gəldiyi zaman daha çox sevincli olar, daha çox ibadət edər və daha çox infaq edərmiş. Bununla bağlı olaraq səhabələrdən Abdullah ibn Abbas (r.ə) belə rəvayət edir: “Allah Rəsulu insanların ən comərdi idi. Onun bu comərdliyi Ramazan ayı girib Həzrət Cəbraillə (ə.s) qarşılaşdıqdan sonra daha da artardı. Cəbrail (ə.s) Ramazan ayı çıxana qədər hər gecə Allah Rəsulunun (s) yanına gələr və Rəsulullah (s) ona Quranı ərz edərdi (oxuyardı). Rəsulullah (s) Cəbrail (ə.s) ilə görüşdükdən sonra insanlara rəhmət gətirən küləklərdən daha comərd və daha faydalı olurdu”. Buna görə də İslam aləmində Ramazan ayı infaq, yardımlaşma və paylaşma ayı olaraq görülür. Ramazan ayının son günlərində verilən fitrə sədəqəsi də bunun gözəl bir nümunəsidir.

İnfaq edərkən diqqət ediləcək iki xüsus vardır ki, bunlardan biri göstəriş və minnət qoymaqdan uzaq olmaqdır. Çünki Uca Allah: “Ey iman gətirənlər! Özünü insanlara göstərmək üçün malını sərf edib Allaha və axirət gününə inanmayan şəxs kimi, siz də sədəqələrinizi minnət qoyaraq və əziyyət verərək puça çıxartmayın![4] – buyuraraq göstəriş və minnətlə sədəqə verməyi qadağan etmişdir.

İkincisi isə odur ki, infaq ediləcək malın keyfiyyəti yaxşı olmalıdır. Belə ki, Allah Təala buyurur: “Ey iman gətirənlər! Qazandıqlarınızın və sizin üçün torpaqdan yetişdirdiklərimiz yaxşısından (Allah yolunda) infaq edin! Və (sizə verildiyi təqdirdə) ancaq gözü yumulu alacağınız pis şeylərdən (Allah yolunda) infaq etmək fikrində olmayın![5]

Nəticə etibarilə, hər bir müsəlman mənəvi fürsətlər ayı olan Ramazanı layiqincə dəyərləndirmək istəyirsə, oruc, namaz və Qurani-Kərim tilavəti ilə yanaşı infaq edib sədəqə vermək ibadətinə də diqqət etməlidir. Əlimizdən gəldiyi qədər, ətrafımızdakı insanlarla yardımlaşmalı və onların da Ramazan ayını zəngin bir süfrə arxasında keçirməsinə vəsilə olmalıyıq.

f.f.d. Ələddin Sultanov

[1] Hədid, 57/7.
[2] Müslim, “Zəkat”, 11.
[3] Tirmizi, “Zəkat”, 28.
[4] Bəqərə, 2/264.
[5] Bəqərə, 2/267.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİ 836 TERRORÇUNU ZƏRƏRSİZLƏŞDİRİB

Türkiyə Silahlı Qüvvələri 2021-ci il yanvar ayının 1-dən bu günə qədər 836 terrorçunu zərərsizləşdirib. İslamveirfan.com xəbər verir ki, bu barədə...

Bağla