RİFAH QAPISI

0

İslamın əmr etdiyi hər bir ibadətdə olduğu kimi, orucda da həm dünyaya, həm də axirətə baxan saysız-hesabsız hikmətlər gizlənmişdir. Peyğəmbərimiz (s.a.s) əsrlər öncəsindən bu ibadətin bioloji və mənəvi faydasını bu kəlamı ilə bəyan etmişdir: “Oruc tutun ki, (maddi və mənəvi cəhətdən) sağlamlıq tapasınız!” (Heysəmi, III, 179). Oruc bədəni bir ilin yorğunluğundan dincəldərkən, ruhu da “itaətkarlar” səviyyəsinə yüksəldir. Təhrim surəsinin 5-ci ayəsində qeyd olunan “Müsəlman, mömin, itaətkar, tövbə edən, ibadət edən, oruc tutan” o seçilmiş bəndələr zümrəsinə daxil olmaq bu cür nəfsi intizam və tərbiyə ilə mümkündür.

Oruclu mömin üçün həyat sahurun bərəkəti ilə başlayır. Allah Rəsulu (s.a.s): “Sahur edin, çünki sahurda bolluq və bərəkət vardır” (Buxari, Savm 20) buyuraraq bu vaxtın mənəvi əhəmiyyətinə diqqət çəkir. Oruclu bir qəlb üçün günün en şirin sevinci isə iftar anıdır. Peyğəmbərimiz bu xoşbəxtliyi belə təsvir edir: “Oruclunun sevinəcəyi iki şadlıq anı vardır: Biri iftar etdiyi vaxt, digəri isə orucunun savabı ilə Rəbbinə qovuşacağı andır” (Buxari, Savm 9). Rəbbimiz bəndələrinin bu sevincə bir an öncə çatmasını istədiyi üçün Peyğəmbərimiz: “Bəndələrimin mənə ən sevimli olanı iftarını açmağa tələsənidir” (Tirmizi, Savm 13) buyurmuş və iftarı gecikdirməməyi tövsiyə etmişdir.

Oruc möminin həyatında elə həssas bir tarazlıq qurur ki, hətta dəstəmaz alarkən belə bu ibadətə xələl gəlməməsi üçün diqqətli olmaq tələb olunur. Peyğəmbərimizin: “Oruclu olmadığın vaxt suyu burnuna yaxşıca çək!” (Əbu Davud, Təharət 56) xəbərdarlığı möminin hər anında bir özünənəzarət və şüur halı ilə yaşadığının göstəricisidir. Bu titizliyin qarşılığı isə yalnız dünyəvi sağlamlıq deyil, həm də əbədi bir təhlükəsizlikdir. Çünki “Allah rızası üçün bir gün oruc tutan kimsəni Allah Təala bu bir günlük oruc sayəsində cəhənnəm atəşindən yetmiş illik məsafə qədər uzaq tutar.” (Buxari, Cihad 36).

Orucun təqdim etdiyi bu mənəvi qalxan yalnız dünya həyatı ilə məhdudlaşmır, qəbir aləmində də bir dost kimi yanımızda peyda olur: “Mömin öldüyü zaman namazı baş tərəfində, zəkatı sağında, orucu isə solunda olar.” (Heysəmi, III, 51). Göründüyü kimi oruc dünyada fiziki bir təmizlənmə, qəbirdə bir yoldaş, məhşərdə isə cəhənnəm atəşinə qarşı bir sipərdir.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə Malatyada “Patriot” sistemi yerləşdirir

Türkiyə Malatyada ölkə ərazisini potensial hava təhlükəsindən qorumaq üçün "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirir. "Report" xəbər verir ki, bu barədə...

Bağla