İNŞİRAH SURƏSİNİN TƏFSİRİ

0

Duha surəsi kimi İnşirah surəsi də Həzrət Peyğəmbərin (s.) məruz qaldığı çətinliklər qarşısında təsəlli vermək üçün nazil edilmişdir. Yoxsulluq üzündən bütpərəstlər tərəfindən zəlil olan müsəlmanların təsəllisi də surənin nazil olmasının səbəbi kimi göstərilir (Suyuti, s. 213).

Surənin əvvəlində Həzrət Peyğəmbərə (s.) “Biz sənin sinəni açmadıqmı?” (İnşirah, 94/1) şəklində xitab edilərək ağırlıq verən yükün ondan götürüldüyü buyurulur. Sonra onun izzətinin uca olduğu vurğulanır və hər çətinliyin bir asanlığı olduğu iki dəfə qeyd edilir. Nəhayət, Allah Rəsuluna (s.) əmr olunur ki, boş qalanda səy göstərsin və Rəbbinə üz tutsun.

Birinci ayənin təfsiri ilə bağlı iki fərqli fikir vardır. Onlardan birinə görə ayə Həzrət Peyğəmbərin (s.) uşaqlığında (Müslim, “İman”, 261) və ya merac gecəsində (Buxari, “Mənaqibu’l-ənsar”, 42; Müslim, “İman”, 263) Cəbrail tərəfindən sinəsi yarılmasına, ürəyi çıxarılmasına və zəmzəm suyu ilə yuyulduqdan sonra elm və hikmətlə doldurularaq yerinə qoyulmasına işarə edir. Müfəssirlər arasında geniş şəkildə qəbul edilən ikinci görüşə görə ayənin cismi bir müdaxilə olmadığı, Həzrət Peyğəmbərin (s.) ruhunun elm və hikmətlə zənginləşdiyi, qəm və sıxıntını aradan qaldıraraq qəlbinin rahatladığı bildirilir. İbn Abbasın ayəni “Biz sənin köksünü İslam üçün açdıq” (Buxari, “Təfsir”, 94) şəklində təfsir etdiyi bildirilir. Ənam surəsində (6/125) “Allah hidayət etmək istədiyi kimsənin sinəsini İslam üçün açır” və Zumər surəsində (39/22) “Allah kimin sinəsini İslam üçün genişlədərsə həmin şəxs, Rəbbinin hidayət nuru üzərində deyildirmi?!” ayələri bu fikri dəstəkləyir.

İnşirah surəsinin “Səndən ağır bir yük götürdük” ayəsinin mənası Allah Rəsulunu (s.) narahat edən və peyğəmbərlikdən əvvəl və ya peyğəmbərliyinin ilk dövrlərində dözməsi çətin olan çətinlikləri aradan qaldırmaq məqsədi daşıyır. Ayədə keçən “vizr” sözünün “ağır günah” mənasında olduğu bildirilir. Buna görə də Həzrət Peyğəmbərin (s.) günahlarının bağışlanmasının nəzərdə tutulduğunu deyənlər olsa da, alimlərin bir çoxu xüsusi vurğulanan bir günahın Allah Rəsuluna (s.) aid olması ehtimalını zəif bir fikir olaraq qəbul edirlər. Rəvayət edilir ki, Allah Rəsulu (s.) bu ayə nazil olanda “Bir çətinlik iki asanlığa qalib gələ bilməz” (Hakim, II, 528) demişdir. Surədə çətinliklərlə yanaşı asanlığın da olacağının iki dəfə vurğulanması, Allah Rəsulunun (s.) qarşılaşacağı ağır maneə və çətinliklərin rahatlıqla nəticələnəcəyinə tam əmin olması və möminlərin qorxmamasını təmin etmək məqsədi daşıyır. Nəhayət, surənin sonunda Həzrət Peyğəmbərin (s.) simasında bütün möminlərdən Allaha bağlılıqlarını davam etdirmələri istənilir.

İnşirah surəsinin fəziləti ilə bağlı “Hər kim “ələm nəşrah” surəsini oxusa, sanki qəmgin olduğum zaman yanıma gəlib məni rahatlamış kimidir” (Zəməxşəri, III, 222) hədisi olsa da, bu rəvayət etibarlı qaynaq olaraq qəbul edilməmişdir. 

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DÖVLƏT SƏRHƏDİ İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB

Sentyabrın 22-si saat 23:45-dən sentyabrın 23-ü saat 08:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı,  Basarkeçər rayonunun...

Bağla