SALEH ÖVLAD

0

Allah-Təalanın bəxş etdiyi hər nemətin həyatımızda ayrı bir yeri və əhəmiyyəti vardır. Məhz bu nemətlərin ən mühümlərindən biri də sahib olduğumuz övladlarımızdır. Uşaqlar insan nəslinin davamçılarıdır. Uşaqlar bir millətin gələcəyidir. Uşaqlar millət dənizinin ən parlaq incise, dünya həyatının bəzəyidir. Uca Allah dünya həyatında insanların xoşu gələn ən önəmli şeyləri sadalayarkən uşaqları da bunlardan biri kimi qeyd etmiş və belə buyurmuşdur: “Qadınlara, uşaqlara, qızıl-gümüş yığınlarına, yaxşı cins atlara, malqaraya və əkin sahələrinə qarşı nəfsani istəklər insanlara gözəl göstərilmişdir”.[1] Digər bir ayədə də uşaqların dünya imtahanının bir hissəsi olduğu bu şəkildə vurğulanır: “Bilin ki, mal-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır”.[2]

Bu imtahanın fərqində olan və insanlara hidayət rəhbəri olaraq göndərilən peyğəmbərlər Uca Allahdan onlara saleh övladlar bəxş etməsini istəmişlər. Buna Həzrət İbrahimin (ə.s): “Ey Rəbbim, mənə salehlərdən olan bir övlad ver!”[3]şəklindəki duasını və Həzrət Zəkəriyyanın (ə.s): “Öz tərəfindən mənə bir dost (oğul) ver!”[4] – deyə dua etməsini misal olaraq göstərə bilərik. Möminlərin xüsusiyyətlərindən bəhs edən bir ayeyi-kərimədə də əsil möminlərin: “Ey Rəbbimiz! Bizə gözümüzü aydınladan zövcələr və nəsillər bəxş et və bizi müttəqilərə rəhbər et!” – deyərlər”,[5] – şəklində Allaha dua etdikləri xəbər verilir.

Şübhəsiz ki, qiymətli varlığın düşməni də çox olur. Əgər o gözəl uşaqların hər biri insani dəyərlər, əxlaq və iman üzrə tərbiyə edilməzsə, düşmənin zəhərli fikirlərinin təsirinə düşər və mənəvi həlaka sürüklənər. Buna görə də əvvəla, saleh övladlar bəxş etməsi üçün Uca Allaha dua etməli, ikinci olaraq da, bizə aid olan valideyn öhdəliklərimizi tam şəkildə yerinə yetirməliyik. Bu barədə Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Heç bir ata övladına gözəl tərbiyədən daha yaxşı bir hədiyyə verə bilməz”.[6] Digər bir hədisi-şərifdə də: “Övladlarınıza qarşı xoşrəftar olun və onları gözəl tərbiyə edin!”[7] buyurularaq gözəl tərbiyənin əhəmiyyəti vurğulanmışdır.

Qeyd etməliyik ki, uşaqların imanlı, sağlam, mənəvi dəyərlərinə bağlı, qəlbi vətən və millət sevgisi ilə dolu yetisməsində birinci dərəcədə ata-analar məsuliyyət daşıyır. Bu səbəbdən hər bir müsəlman valideyn kimi uşaqlarının tərbiyəsinə və təhsilinə xüsusi qayğı göstərməli və onların pis vərdişlər qazanmasına və pis yollara meyil etməsinə mane olmalıdır. Çünki Uca Allah bu barədə bizləri ciddi şəkildə xəbərdar edir və belə buyurur: “Ey iman gətirənlər! Özünüzü və ailələrinizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!”[8] Buna görə də saleh övladlar yetişdirməliyik ki, həm bu dünyada, həm də axirət yurdunda xoşbəxt olsunlar.

f.f.d Ələddin Sultanov

[1] Ali İmran, 3/14.
[2] Ənfal, 8/28.
[3] Saffat, 37/100-101.
[4] Məryəm, 19/5.
[5] Fürqan, 25/74.
[6] Tirmizi, “Birr”, 33.
[7] İbn Macə, “Ədəb”, 3.
[8] Təhrim, 66/6.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DÜNYADA QAÇQIN SAYI ARTARAQ 281 MİLYONA ÇATIB – HESABAT

BMT-nin hesabatına görə, dünyada 1970-ci ildə 84 milyon, 1990-cı ildə 153 milyon, 2019-cu ildə 272 milyon olan qaçqın sayı son...

Bağla