XÜLƏFAİ-RAŞİDİN

0

“Xəlifə”, “xəlf” kökündən törəyən Ərəb əsilli bir sözdür və “birinin arxasından gələn”, “bir şəxsi izləyən” mənalarında işlədilir. “Xüləfa” və ya “xaləif” isə cəm formalarıdır. Termin olaraq bir şəxsin başqa bir şəxsin yerinə keçməsinə, onu izləməsinə xəlifə deyilir. Xəlifə sözü həm siyasət, həm də təsəvvüf terminologiyasında istifadə edilir (Uludağ, 1997, 15/299-300).

            Xüləfai-Raşidinlə Həzrət Peyğəmbərdən (s.a.v.) sonra gələn ilk dörd xəlifə nəzərdə tutulur. Bu xəlifələr aşağıdakılardır:

  1. Həzrət Əbu Bəkr (632-634): Həzrət Muhəmməd (s.a.v.) 632-ci ildə vəfat etdikdən sonra Həzrət Əbu Bəkr (r.a.) xəlifə seçilmişdir. Müsəlmanlar tərəfindən “Xəlifətu Rəsulillah” (Allah Rəsulunun xəlifəsi) deyə adlandırılmışdır. İki illik xəlifəliyi dövründə dindən çıxma hadisələrini həll etmiş və Qurani-Kərimin cəm edilməsi üçün çalışmışdır. Həzrət Əbu Bəkr (r.a.) 634-cü ildə vəfat etmişdir. Həzrət Muhəmmədin (s.a.v.) yanında dəfn edilmişdir.
  2. Həzrət Ömər (634-644): Həzrət Əbu Bəkr (r.a.) vəfat etdikdən sonra Həzrət Ömər (r.a.) onun yerinə xəlifə seçilmişdir. Ədalət ilə seçildiyi üçün “əl-Faruq” təxəllüsü verilmişdir. İkinci xəlifə dövründə İslam fəthləri artmışdır. Misir və Sasanilər kimi böyük dövlətlər fəth edilmiş, Bizans İmperiyası qarşısında ciddi qələbələr qazanılmışdır. Həzrət Ömər (r.a.) 644-cü ildə Əbu Lulu adlı bir məcusi tərəfindən sübh namazı əsnasında bıçaqlanmış və qısa müddət sonra vəfat etmişdir.
  3. Həzrət Osman (644-656): Əxlaqı və həyası ilə seçilən Həzrət Osman (r.a.) xüləfai-raşidinin üçüncü xəlifəsidir. Tarixçilər 12 illik xəlifəlik dövrünü iki qismə ayırırlar. Birinci altı illik dövrdə böyük fəth hərəkatları baş tutmuşdur. İkinci altı illik dövrdə isə daxili çaxnaşmalar başlamışdır. Hətta bu hərc-mərclik xəlifənin şəhid edilməsinə səbəb olmuşdur. Həzrət Osman (r.a.) həmçinin Qurani-Kərimin cəm və təksirini həyata keçirmişdir.
  4. Həzrət Əli (656-661): Xüləfai-raşidinin son xəlifəsi Həzrət Əlidir (r.a.). Həzrət Osman (r.a.) şəhid edildikdən sonra onun yerinə seçilmişdir. Beş illik xəlifəliyi dövründə daxili çaxnaşmaları yox etmək üçün səy göstərmiş, həmçinin fəth hərəkatlarına davam etmişdir. Həzrət Əli (r.a.), Allah Rəsulunun (s.a.v.) kürəkəni, Həzrtə Fatimənin (r.a.) həyat yoldaşı, Həzrət Həsən (r.a.) və Həzrət Hüseynin (r.a.) atasıdır. Allahın aslanı Həzrət Əli (r.a.) 661-ci ildə namaza gedərkən yolda şəhid edilmişdir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FHN GÜCLÜ KÜLƏKLƏ ƏLAQƏDAR ƏHALİYƏ MÜRACİƏT EDİB

Fövqəladə Hallar Nazirliyi güclü küləklə əlaqədar əhaliyə müraciət edib. FHN-dən  verilən məlumata görə, bu gün axşam saatlarından başlayaraq ölkə ərazisində...

Bağla