Fironun sehrbazları və iman imtahanı
Fironun sehrbazları onun ilahlıq iddiasını rədd etdilər və buna görə dözülməz işgəncələrə məruz qaldılar. Lakin imanlarının verdiyi cəsarətlə ona meydan oxudular. Fir’onun əmrilə əlləri və ayaqları çarpaz kəsildi, xurma ağaclarının budaqlarına asılmadan öncə Allaha dua etdilər: “Ey Rəbbimiz! Bizə səbir ver və bizi müsəlman olaraq öldür!” (Əraf, 126) Bu iman gücü ilə onlar şəhadət şərbətini içərək Allahın mərhəmətinə qovuşdular.
İlk xristianların iman müqaviməti
İlk xristianlar da imanlarını qorumaq üçün sirk aslanlarının çənələrində can verdilər. Onlar üçün şəhadət sadəcə ölüm deyil, Allaha yaxınlaşmaq idi. Yəmənin yəhudi hökmdarı Zu Nüvas IV əsrdə Nəcran xalqını öz dinindən döndərməyə çalışdı. İmanlarını tərk etməyənlər xəndəklərə atılaraq diri-diri yandırıldı. Allah bu zalımları belə lənətlədi: “Onlar alovlu xəndəklər qazdılar və möminləri yandırdılar…” (Büruc, 4-5) Lakin imanları yandırıla bilmədi və Allahın qəzəbinə düçar olan zalımlar məhv edildilər.
İslamın İlk Qadın Şəhidi: Süməyyə (r.a.)
Süməyyə (r.a) İslamın ilk qadın şəhidi oldu. O, bir iynə sancmasından qorxduğu halda, iman eşqi ilə müşriklərin qızdırılmış dəmirlərlə ona verdiyi əzablara səbr etdi. İki dəvəyə bağlanaraq vəhşicəsinə parçalandı. Onun ailəsi – Yəsir və Ammar (r.a) da bu yolda şəhid oldular. Peyğəmbərimiz (s.a.s) onlara belə buyurdu: “Ey Yəsir ailəsi! Səbr edin, çünki vəd olunan yer (Cənnət) sizin üçündür.” (İbn Hişam, Sirə, 1/320)
Bilal (r.a.): “Əhəd, Əhəd” Nidaları
Bilal (r.a.) işgəncə altında, qızmar daşlar altında olmasına baxmayaraq yalnız bunu deyirdi: “Əhəd, Əhəd!” (Allah birdir, Allah birdir) O, dünya əzabını hiss etmirdi, çünki imanın şirinliyini dadmışdı.
Habbab bin Ərat (r.a.) və İşgəncələrə Səbr
Xəlifə Ömər (r.a.) bir gün Habbab bin Əratdan (r.a.) keçmiş işgəncələrini soruşdu. O, kürəyini göstərdi və Ömər (r.a.) heyrət içində dedi: “Belə bir kürək görməmişəm!” Habbab (r.a.) isə dedi: “Mənim bədənimə od qoyub yağlarım əriyənə qədər yandırırdılar.” Bütün bu əzablar qarşısında imanından dönmədi.
Peyğəmbərimizin (s.a.s.) səbir təsəllisi
Müsəlmanlar Peyğəmbərimizə (s.a.s) gəlib onlardan ötrü dua etməsini istədikdə, O belə buyurdu:
“Sizdən əvvəlki möminlər mişarla iki yerə bölündülər, bədənləri dəmir daraqlarla tarac edildi, amma yenə də imanlarından dönmədilər. Allaha and olsun ki, Allah bu dini tamamlayacaq…” (Buxari, Mənaqib 25, İkrah 1)
İman əzabları yox edən bir gücdür. Bu insanlar bizə səbr və şəhidliyin ucalığını öyrədirlər. Allah bizə də onların yolundan getməyi nəsib etsin!
Rəşad Manafov