Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şəki şəhərində bölgədə fəaliyyət göstərən din xadimləri üçün “Milli-mənəvi dəyərlərin və həmrəyliyin qorunmasında din xadimlərinin rolu” mövzusunda təlim keçirilib. Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev din xadimlərinin fəaliyyətində peşəkarlığın, səmərəliliyin artırılması ilə bağlı təqdimatla çıxış edib.
Natiq çıxışında milli kimliyin formalaşması və qorunmasında mühüm rol oynayan vətənpərvərlik, dövlətçilik, ailə dəyərləri, tolerantlıq, milli və dini bayramlar haqqında fikirlərini bölüşüb. Qeyd olunub ki, qloballaşma prosesinin sürətləndiyi, sosial şəbəkələrin təsirinin artdığı və fərdiyyətçi meyillərin gücləndiyi müasir şəraitdə cəmiyyətin sağlam mənəvi dəyərlərə ehtiyacı daha da aktuallaşır. Bu baxımdan qeyri-sağlam dini düşüncənin qarşısının alınması və gənc nəslin düzgün ideoloji əsaslar üzərində formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
Təlimdə, həmçinin müasir dövrdə milli dəyərlər sisteminə təsir göstərən qlobal çağırışlar və təhdidlər barədə məlumat verilib. Rəqəmsal informasiya məkanında dezinformasiyanın yayılması və zərərli ideoloji təsirlərin yaratdığı risklərdən bəhs edilib. Bildirilib ki, din xadimləri maarifçilik və ictimai həmrəyliyin təşviqi istiqamətində mühüm missiya yerinə yetirirlər. Onların fəaliyyəti sağlam dini mühitin formalaşmasına və cəmiyyətdə ənənəvi dəyərlərin möhkəmlənməsinə xidmət edir.
Qarşılıqlı diskussiya şəraitində keçən təlimdə mövzu ilə bağlı fikir və təkliflər səsləndirilib, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. İştirakçılar maarifləndirmə fəaliyyətinin gücləndirilməsinə yönəlmiş bu cür tədbirlərin müntəzəm olaraq təşkil edilməsinin əhəmiyyətini vurğulayıblar.



