XEYİR VƏ ŞƏR

0

İnsan həyatı boyunca qarşılaşdığı hadisələri zahiri görünüşünə əsaslanaraq xeyir və ya şər kimi qiymətləndirir. Lakin bu yanaşma hər zaman doğru nəticə vermir. Qurani-Kərimdə bir çox ayələrdə bu mövzuya toxunularaq, zahirdə şər kimi görünən hadisələrin əslində xeyir, xeyir kimi görünənlərin isə şər ola biləcəyi vurgulanır: “Xoşunuza gəlməsə də, döyüş sizə fərz edildi. Bəlkə də xoşlanmadığınız bir şey sizin üçün xeyirli, xoşlandığınız bir şey isə sizin üçün zərərlidir. Allah bilir, ancaq siz bilməzsiniz.” Bu ayə açıq şəkildə bildirir ki, insan bəzən bir şeyi şər sanır, lakin o hadisə onun üçün xeyirli nəticələr doğura bilər.

Qarunun mal-dövləti insanlar tərəfindən xeyir kimi qəbul edilirdi. Lakin sonradan onun mülkü yerlə yeksan oldu və bu var-dövlətin əslində onun həlakına səbəb olduğu ortaya çıxdı (Qasas 82). Eyni şəkildə, Ad qövmü uzaqdan gələn qara buludu yağış sanaraq sevindi, lakin o bulud Allahın əzabını gətirdi və onların məhv olmasına səbəb oldu (Əhqaf 24).

İnsanlar bəzən özləri üçün şər olan şeyləri dua ilə istəyir, ya da bəddua edərək özlərinə zərər verirlər. Ənfal surəsinin 32-ci ayəsində belə bir nümunə verilir: “Ey Allahım! Əgər bu (Quran) Sənin dərgahından gələn bir həqiqətdirsə, onda başımıza göydən daş yağdır, yaxud bizə acı bir əzab gətir!”.

Rum surəsinin 39-cu ayəsində sədəqə və zəkatın zahirdə malın azalması kimi görünsə də, əslində mülkün artmasına səbəb olduğu bildirilir. Bu, maddi itki kimi görünən bir davranışın mənəvi və bərəkətli nəticələr doğurduğunu göstərir.

Nur surəsində Həzrət Aişəyə atılan iftira hadisəsi “sizin üçün xeyirlidir” ifadəsi ilə qiymətləndirilir. Bu hadisə nəticəsində:

  • Həzrət Aişənin iffəti sübut olundu.
  • Münafiqlər cəmiyyətdən ayrıldı.
  • Haqla batil bir-birindən seçildi.

Bu nümunə, böyük bir şər kimi görünən hadisənin cəmiyyət üçün xeyirli nəticələr doğura biləcəyini göstərir.

Zahirdə xeyir və şər kimi görünən hadisələrin mahiyyətini anlamaq üçün dərin təfəkkür və iman lazımdır. Qurani-Kərim insanı bu yöndə düşünməyə təşviq edir və hər hadisənin arxasında bir hikmət olduğunu bildirir. İnsan, kiçik şeylərdə böyük hikmət axtardıqca, Rəbbi ilə olan bağını gücləndirir və həyatın mənasını daha dərindən qavrayır.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Şeyxülislam Allahşükür Paşazadə Özbəkistana yola düşür

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Özbəkistan Respublikasına səfərə yola düşür. Səfərdə məqsəd İSESCO və Özbəkistan İslam...

Bağla