BOŞ(ALAN) EVLƏR

0

Evimizin bir küncündə yerdən tavana qədər yığılmış yorğan-döşək  kolleksiyasını  hər dəfə görəndə nə qədər əhəmiyyətsiz olduğunu düşünürdüm.

Əhəmiyyətsiz olduğu qədər də evin vizual görüntüsünü pozur və olduğu otağı  daha da darısqal edirdi. Hər dəfə bu yükləri evdən çıxarıb, otağı daha maraqlı bir dizayna salacağıma söz verirdim, öz-özümə.  Ancaq bu, elə də asan həll ediləcək məsələ deyildi. Otağın böyük bir qismini işğal edən bu “yorğan-döşək yığını” anamın cehizliyi idi. Ona görə də bütün bunları dəyərsiz bir əşya kimi evdən çıxarıb atmaq ən azından anama qarşı hörmətsizlik kimi qarşılana bilərdi.

Bir gün cehizliyi haqqında düşündüklərimi bir yolunu tapıb anama dedim. Məqsədimi izah edərkən bir tərəfdən də alternativ yollardan istifadə edib, daha yaxşılarını, daha yenilərini alacağıma söz verdim. Anama izah etməyə çalışırdım ki, sənin bu yorğan-döşəklərin çox, ağır və zəhmət vericidir. Belə ki, hər il anam bütün bunları sökür, yunlarını yuyur, yenidən təmizləyir və səliqə ilə yığırdı. Məsələ haqqında özümü haqlı çıxaracaq arqumentləri ortaya qoyaraq, yarım saat danışdım.

Anam məni səbirlə dinləyib bu cavabı verdi: “Oğlum, necə istəyirsən elə olsun, haqqında danışdığın əşyalar sizə narahatçılıq verirsə, istədiyinizi edə bilərsiz, ancaq evə qonaq gəldiyi zaman bəs nə edəcəyik?” Elə bil başımdan qaynar su tökdülər. Bir az da özümün haqlı olduğumu  düşünərək, “Qonaq? Biz bütün bu əziyyəti nə zamansa bizə qonaq gələcək deyə çəkirik? Qonaq gəlirsə gəlsin, ancaq qalmasın”, – deyə etirazımı bildirdim.

Anam sözlərinə davam etdi: “Oğlum, bizim dövrdə qızın əsas cehizi onun yorğan-döşəyi olardı. O, oğlanın evinə qədəm qoymadan əvvəl, evi qonaqlı-qaralı olsun deyə onun cehizi olan yorğan-döşək oğlanın evinə aparılardı. Bundan sonra hamı əvvəlcə qızın gətirdiyi yorğan-döşəyin çoxluğuna baxardı. Bütün bunlar da insanların qohum-əqrəba münasibətlərinə verdikləri dəyəri göstərirdi. Qısacası, bir ailənin dəyəri onun evinin qonaqlı-qaralı olması ilə ölçülürdü. İndi başqasının evində gedib günlərlə qonaq qalan neçə nəfər var? Qonaq qalmaq niyyəti ilə getsəniz belə, yatmağa yer tapsanız da, üstünüzə örtəcək yorğan tapmayacaqlar. Bütün bunlar da cəmiyyətdə yadlaşmanın, uzaqlaşmanın və insanlar arasındakı münasibətlərin pozulmasının xəbərçisidir. Hər birimiz uşaq ikən günlərlə, həftələrlə, bəlkə də, aylarla dayımız, əmimiz, bibimiz, xalamızgildə qalmışıq. Onların uşaqları da bizim evlərin davamlı sakinləri olub. İndi qız uşaqları gəlin köçərkən onlara sadəcə ikinəfərlik sintifon yorğan-döşək verilir. Adını da qoymuşuq “müasirlik”.   Analar deyir ki, qızım niyə görə hər il yun yuyub əziyyət çəkməlidir ki?! Bəlkə də, bir tərəfdən haqlıdırlar, ancaq onu düşünmək lazımdır ki, qonaqsız evlərdə daha çox söz-söhbət olur; təklik-tənhalıq daha çox yaşanır. Əgər sən qızına iki dəst yorğan-döşək vermisənsə, deməli, sənin qızının evində qalmaq şansın sıfıra bərabərdir.  Ya qalmayacaqsan, ya da otellərin tənha otaqlarında gün keçirəcəksən. İnsansız qalan insanlar öz tənhalıqlarını ev itləri, pişiklər və quşlarla ortadan qaldırmağa çalışırlar. Bu qədər, oğlum, əgər sən də tək qalmaq, insanlardan uzaqlaşmaq istəyirsənsə, görüntüsü sizi narahat edən yorğan-döşəyi elə bu gün yox edə bilərsən”.

Həyatımın ən böyük dərsini aldım anamdan. Bu sözlərdən sonra fikrimdən vaz keçdim. Evimizdə hər zaman qonaqlara yer olması üçün həmin guşəni daha yaxşı mühafizə edəcəyimə söz verdim. Kiçik evlərdə daha çox insanlarla yaşamağın böyük evlərdə insanlardan uzaq yaşamaqdan daha yaxşı olduğunu öyrənməliyik, əslində. Çünki bizi xoşbəxt edən əsas duyğulardan biri də ətrafımızdakı insanlardan aldığımız pozitiv enerjidir. İnsanlara güvənmək, onlara dəyər vermək bir gün özümüzə qayıdacaq sərmayədir. Yemək qazanımız boş olsa da, evimiz boş olmasın. Qonaqlı olan evin ruzisini Allah yetirər.

ELDAR KƏRİMOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QƏBƏLƏ ŞƏHƏR MƏRKƏZİ CÜMƏ MƏSCİDİ

Qəbələ şəhər Cümə məscidinin bünövrəsi 1898-ci ildə qoyulmuşdur. Yerli əhalinin köməyi və şəkili usta Salamın rəhbərliyi ilə inşa olunan məscidin...

Bağla