TÜKƏNMƏZ AXİRƏT AZUQƏSİ MƏHƏBBƏTULLAH

0

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:

Möminlərin Allaha olan məhəbbətləri hər şeydən daha ziyadə və qüvvətlidir. (Əl-Bəqərə, 165)

Aləmlərin Rəbbi olan Allaha şükürlər və həmd-sənalar, Onun sevgilisi olan Hz. Muhammədə salətu-salam olsun.

Mübarək İslam dinini Allaha (c.c) məxsus edərək ixlaslı şəkildə Rəbbinə qulluq etməklə əmr olunmuş Rəsulullahın (s.ə.s) bu əmrin əhatə etdiyi hər bir sahədə aləmləri heyran buraxan qulluq həssasiyyəti Adəm övladlarının qəlbində bu əmri verənə və əmri misilsiz bir təslimiyyətlə icra edənə qarşı sonsuz məhəbbət üfüqlərinin açılmasına səbəb olmuşdur. Bu məhəbbət nuru ilə maddi və mənəvi kirlərdən təmizlənən səhabə nəsli, Abdullah ibn Ömərin (r.a) timsalında, hikmətini bilsə də, bilməsə də, ömürləri boyu Rəsulullahı (s.ə.s) addım-addım təqib etmə canlılığını bir an olsun belə tərk etməmişlər. Qiyamətə kimi gələcək ümmətinə, Allaha və Rəsulullaha duyduqları hədsiz  sevgi nemətini tükənməz bir axirət azuqəsinə çevirmə istiqamətində nələrə diqqət yetirəcəklərini addım-addım bildirən Allah Rəsulu (s.ə.s) məhəbbətullaha aparan yolları belə anladırdı:

Əshabi-Kiram  bir gün Rəsulullahdan (s.ə.s) bunu soruşdular: “Bir mömini xüşu içində, digər bir mömini də xüşudan məhrum görürük. Bu fərqliliyin səbəbi nədir?” Rəsulullah (s.ə.s) belə cavab verdi: “İmanın dadını alan mömin xüşu sahibi olur. İmanın dadını almayan mömin isə xüşu sahibi olmaz”. Səhabələr: “Bəs imanın dadı necə əldə edilir, ona necə yetişilir?”- deyə soruşduqa belə cavab verdi: “Ona Allah sevgisində sadiq olmaqla yetişilir”. Səhabələr: “Allah sevgisi nə ilə əldə edilir?”- deyə soruşduqda isə Rəsulullah (s.ə.s) belə buyurdu: “Allahın Rəsuluna məhəbbətlə əldə edilir. Bu səbəblə siz Allah və Rəsulunun rizasını elə Allah və Rəsuluna məhəbbət bəsləməkdə axtarın”. (Səndərusi, Kəşfi-İlahi, II cild, 651)

Aşağıda izləyəcəyimiz hekayə həyatı, qulluğu və əxlaqı məhəbbətullahla yoğrulmuş bir Allah və Rəsulullah aşiqinin bu məhəbbəti ilə əldə edəcəyi tükənməz qurtuluş sərmayəsinin nələrə qadir olduğunu ümmətə tam dolğunluğu ilə tanıdacaqdır:

Qəlbi Allah və Rəsuluna qarşı hədsiz bir sevgi ilə dolu olan türk ordusunun rütbəli zabiti Həsən əfəndi qəsəbənin yanından keçərkən yaralı bir köpəyin su içmək üçün bulağa yaxınlaşmağa çalışdığını gördü. Lakin bulaq başında paltar yuyan qadınların və uşaqların çoxluğu köpəyin istəyi qarşısında sanki bir sədd çəkmişdi. Çarəsiz köpəyi bu vəziyyətdə buraxmaq istəməyən Həsən əfəndi atdan yerə endi. Al qan içində olan bu canlını şəfqətlə qucağına alaraq bulağa götürdü. Öncə su içirtdi, sonra isə yaralarını sarıdıb qarnını doydurdu. O gündən etibarən köpək yeni bir həyata doğuldu və sahibini – Həsən əfəndini addım-addım izləməyə başladı. Artıq adı Canbərk olan köpək türk sipərlərində gündüz savaşlara qatılır, axşamlar isə növbə tuturdu. Bir gün Çanaqqalanın Səddülbahir səmtində fransızlarla edilən süngü döyüşündə məhmədcik (əsgərlər) qalib gəlmiş və düşmən sipərlərini ələ keçirmişdilər. Həsən əfəndi sipərləri dolaşaraq yaralı əsgərləri xəstəxanaya göndərirdi. Bu məqamda ölü zənn edilən fransız əsgərinin birində xəfif qımıldanma hiss edən Həsən əfəndi misilsiz bir mərhəmət nümayiş etdirərək ona yaxınlaşdı. Rəsulullahın (s.ə.s) yaradılmışlara mərhəmət və məhəbbət məktəbinin dünya üzrə məzunu olmağa hazırlaşan Həsən əfəndinin bu fədakarlığı düşmənlərini belə, döyüş meydanı xaric, əhatə edəcək səviyyədə idi. Nə yazıq ki, fransız əsgərinin köpək qədər belə mərhəməti yox idi. Kapitalizmin insanı vəhşiləşdirdiyi zülm məktəbinin məzunu, Həsən əfəndinin şəfqətlə yarasını müayinə etdiyi zamanı fürsət bilərək, ani sıçrayışla xəncəri o Haqq və Rəsulullah aşiqinin ürəyinə sapladı.

Artıq olan olmuş və Həsən əfəndi son anlarını yaşayırdı. Əsgərlər böyük bir üzüntü içində idilər. Canbərk də gəlmiş və sahibinin əllərini yalayırdı. Birliyin imamı başı üzərində quran oxuyurdu. Həsən əfəndi birdən: “Məni ayağa qaldırın!”- dedi. İki əsgər  onu çətinliklə ayağa qaldırdıqları anda Həsən əfəndi şəxsini bürümüş olan tərifə sığmaz bir sevinc və ədəblə son sözlərini söylədi: “Niyə zəhmət buyurdunuz,  ya Rəsulallah?!”

Sinələrə Rəsulullahın (s.ə.s) təşrifi ilə vəcd atəşi salan bu mənzərə qarşısında Canbərk də daxil hamı ağlayırdı. Həsən əfəndinin üzərinə bir türk bayrağı örtdülər və şəhid düşdüyü yeri qazmağa başladılar. Canbərk, o sədaqətli köpək bayrağın altına girərək sahibinin ayaqlarına qapanmışdı. Qəbir qazıldıqdan sonra dəfn üçün bayrağı qaldırdılar. Lakin gördükləri mənzərədən donub qaldılar. Dəfn meydanında ağılları alan gerçək bir məhəbbət dastanı yaşanırdı: Sahibinin sevgisinə cavab olaraq ona misilsiz bir məhəbbətlə bağlanan və ayaqları ucunda ruhunu təslim edən Canbərk əsgərlərə sanki sədaqətin zirvəsindən baxırdı. Öncə Rəsulullahın (s.ə.s) qucaq açdığı o mübarək Həsən əfəndini, ayaq ucunda isə sadiq dostu Canbərki dəfn etdilər. Allahın (c.c) sonsuz rəhməti bu aləmdən əbədiyyət yurduna tükənməz axirət azuqəsi olan məhəbbətullahla, üz ağı ilə köçmə həyəcanını qəlblərə əmanət edən bütün İslam qəhrəmanlarının üzərinə olsun! Amin!

MÜBARİZ ƏLİOĞLU  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BOŞ(ALAN) EVLƏR

Evimizin bir küncündə yerdən tavana qədər yığılmış yorğan-döşək  kolleksiyasını  hər dəfə görəndə nə qədər əhəmiyyətsiz olduğunu düşünürdüm.

Bağla